Beynəlxalq Avrasiya Mətbuat Fondunun təşəbbüsü və Təhsil Nazirliyinin dəstəyi ilə həyata keçiriləcək yeni layihə həyatınızda mühüm rol oynayacaq. Əsas məqsədimiz siz tələbələrin ictimai fəallığının artırılması üçün bir sıra addımların atılması və sosial fəaliyyətinizin inkişaf etdirilməsi, eyni zamanda sıralarınızdan bilikli, savadlı, bacarıqlı gənclərin üzə çıxarılmasına şəraitin yaradılmasıdır.
Bu təşəbbüsün daha bir səbəbi tələbələrin təhsil aldıqları müddətdə maraq dairələrinə uyğun, perspektivli layihələrdə iştirakını təmin etmək, bilik və bacarıqlarının təcrübədə həyata keçirilməsində, sosial fəaliyyətlərinin artırılmasında və digər bu kimi vacib məsələlərdə qarşılaşdıqları problemlərin aradan qaldırılmasında vacib addımların operativ atılmasıdır.
Fevral ayının 1-i tarixindən layihənin icrasına başlanılıb. Həmçinin mart ayından layihə çərçivəsində nəzərdə tutulan təlimlərin keçirilməsi istiqamətində intensiv işlər görüləcək. Layihənin əsas istiqamətləri tələbələrin təhsil aldıqları müddətdə təcrübə proqramlarına yönləndirilməsi, bilik və bacarıqlarının inkişafı üçün təlimlərə, seminarlara cəlb edilməsi, təhsil müəssisələri ilə əməkdaşlıq edərək tələbələr üçün daha üstün imkanların yaradılması, Azərbaycanda təhsil alan xarici tələbələrlə əlaqələrin möhkəmləndirilməsi, tariximizin, milli mədəniyyətimizin tanıdılması, tələbələrin fəaliyyətlərinin daha rəngarəng olması üçün yay kurslarının təşkil edilməsi və əsas istiqamət olan “telebexidmet.az” saytının yaradılmasıdır.