“Təhsil müəssisələrində tələbələrin sosial fəaliyyəti və inkişafı” layihəsi haqqında
Layihənin məqsədi ali, orta ixtisas və peşə təhsili müəssisələrində tələbələrin sosial fəaliyyətlərinin yaxşılaşdırılması, onların hərtərəfli inkişaf etdirilməsi və sosial məsuliyyəti dərk edərək, cəmiyyət üçün faydalı işlərin görülməsinə cəlb edilmələridir. Həmçinin, tələbələrin həm təhsil prosesində, həm də ictimai fəallıqlarında əhatə dairəsinin genişləndirilməsi onların ixtisaslarına daha maraqla yanaşmaları, fəallıq nümayiş etdirmələri, elmi və digər yaradıcılıqlarını inkişaf etdirmələri, biliklərin praktiki əhəmiyyətini dərk etmələri əsas istiqamətlərdən biridir.
Layihənin digər bir məqsədi isə təhsil alan tələbələr arasında dostluq və yoldaşlıq münasibətlərinin yaradılması, ünsiyyətin möhkəmləndirilməsidir. Bu da öz növbəsində tələbələrə hələ təhsil aldıqları dövrdən kollektivlə işləmə bacarıqlarının aşılanması deməkdir. Belə olduqda tələbələr arasında sıx münasibətlər yaranır, çalışmaq həvəsi, qarşıya çıxan çətinlikləri birgə aradan qaldırmaq əzmi formalaşır. Eyni zamanda, tələbələrə təhsil aldıqları müddətdə öz hərəkətlərini düzgün qiymətləndirmək, işinə məsuliyyətlə yanaşmaq, kollektiv arasında xoş təəssürat yaratmaq kimi bir sıra vərdişlərin aşılanması vacibdir. Çünki, əmək fəaliyyətlərini icra müddətində çətinliklərlə qarşılaşan tələbə bu vərdişlər sayəsində dözümlülük nümayiş etdirib, özünə həyat kredosu seçir və məğlub olmur. Digər bir tərəfdən isə hər bir tələbənin bilik və bacarıqlarına uyğun şəraitin yaradılması, onlara dəstək cəmiyyətin və ayrı-ayrı məsul şəxslərin borcudur. Bir sözlə, məqsəd dünyagörüşlü, savadlı, intelektual Azərbaycan vətəndaşının formalaşmasıdır!
“Təhsil müəssisələrində tələbələrin sosial fəaliyyəti və inkişafı” layihəsi müddətində tələbələrlə sıx əlaqələrin qurulması, onların öz sahəsində peşəkar insanlarla tanışdırılması və təcrübələrindən yararlanma, təcrübə proqramlarına, təlimlərə, seminarlara yönləndirilməklə inkişaf etmələrinə dəstək olmaq, tələbələrin təhsil aldıqları müddətin maraqlı və səmərəli keçməsinə şərait yaratmaq əsas qayəmizdir.
Layihənin icrası zamanı yaradılmış “Tələbə Xidmət Ofisi” layihənin effektivliyinin artmasında mühüm rol oynayır. Belə ki, bu zaman tələbələrin həm təhsil aldıqları müddətdə, həm də gələcək həyatlarında uğurlu olmaları üçün bir çox işlər görüləcək.
“Tələbə Xidmət Ofisi” bir çox tələbənin sosial fəaliyyətinin yaxşılaşdırılmasında mühüm rol oynayır. Bir çox tələbə bura müraciət edərək həm özlərini inkişaf etdirəcək, həm də cəmiyyətdə olan problemlərin həllində rol oynayacaq.
“Tələbə xidmət ofis”i bir sıra öhdəlikləri əhatə edir:
- “telebexidmet.az” saytının yaradılması. Könüllü fəaliyyət göstərmək istəyən tələbələrin asanlıqla yaradılacaq saytda öz xüsusiyyətlərinə uyğun təcrübə proqramları haqqında məlumat əldə edə, qeydiyyat apara bilər, həmçinin inkişaf proqramlarını izləyərək özlərini inkişaf etdirə bilərlər.
- Tələbələrin təhsil aldıqları müddətdə təcrübə proqramlarına yönləndirilməsi, bilik və bacarıqlarının inkişafı üçün təlimlərə, seminarlara cəlb edilməsi. Bu zaman tələbələrin bilik və bacarıq səviyyələri yaxşılaşdırılacaq, onların təcrübə proqramlarından yararlanma əhatələri genişləndiriləcək, gələcəkdə iş fəaliyyətləri zamanı qarşılaşa biləcəkləri problemləri asanlıqla həll etmə vərdişi yaranacaq, eyni zamanda özlərini inkişaf etdirərək cəmiyyətin inkişafına gətirib çıxaracaqlar.
- Tələbələrin təlimlərdə, seminarlarda, müsabiqələrdə iştirak etmələrinə şəraitin yaradılması və bunlarla bağlı təhsil müəssisələrində elan lövhələrinin yaradılması. Bu lövhələrin yaradılması ilə tələbələr təhsil aldıqları müəssisələrdə maraq dairələrinə uyğun və onlara faydalı olan hər bir təlim, seminar, müsabiqələrdən rahat şəkildə məlumat əldə edəcəklər.
- Azərbaycanda təhsil alan xarici tələbələrlə əlaqələrin möhkəmləndirilməsi, tariximizi, milli mədəniyyətimizi tanıtmaq.
- Təhsil müəssisələrində yay kurslarının yaradılması. Yay kurslarının yaradılması tələbələrin asudə vaxtlarını səmərəli keçirmələrinə imkan yaradır. Bu zaman tələbələrin yaşadıqları regionlarda yerləşən Gənclər evləri ilə əlaqələrin qurulması, həmçinin onların maraq dairələrini əhatə edəcək tədbirlərin keçirilməsi nəzərdə tutulur.