«Təhsil müəssisələrində tələbələrin sosial fəaliyyəti və inkişafı» layihəsi çərçivəsində seminar-təlimlər davam edir.

Sumqayıt Dövlət Universitetində Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Strateji təhlil, innovasiya və rəqəmsallaşma şöbəsinin baş məsləhətçisi Lalə Kərimovanın təqdimatında “Rəqəmsal bacarıqların inkişafı. Kibertəhlükəsizlik”, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin İnformasiya Təminatı şöbəsinin müdiri, Demokratik Jurnalistlər Liqasının sədri Yadigar Məmmədlinin təqdimatında “Auditoriya qarşısında çıxış. Nitq mədəniyyəti” mövzuları istiqamətində təlimlər keçirilib.

Onlara İKT sektorunda rəqəmsal istedadlara çox böyük tələbat olduğu aşılanıb. İşəgötürənlərin ehtiyac duyduğu rəqəmsal bacarıqlar və tələb olunan texniki biliklərə sahib namizədlərin sayı arasında böyüyən bir uçurumun aradan qaldırılması istiqamətində bütün sahələrdən olan mütəxəssislərin, hətta ali təhsili olmayanların belə rəqəmsal bacarıqlara yiyələnməsinin vacibliyi, eləcə də bu istiqamətdə nə edəcəkləri ilə bağlı təlimat verilib. Bütün dünyanın probleminə çevrilən kibertəhükəsizliyin vacibliyi, kiber mühitdə özünümüdafiənin yolları təlimdə əsas prioritetlərdən olub. Tələbələrə nitq mədəniyyətinin insanlara məxsus ümumi mədəniyyətin ən vacib və aparıcı tərkib hissəsi olduğu bildirilib. Bu anlayışa danışıq mədəniyyəti ilə yanaşı, yazı mədəniyyətinin də daxil olduğu, belə yüksək keyfiyyətə yiyələnən şəxslərin cəmiyyətin ictimai həyatında, onun hər hansı bir sahəsində fəal və məhsuldar iştirak etmək şansının olduğu aşılanıb. Onlar həm də auditoriya qarşısında çıxış etmə qorxusuna qalib gəlməyin yolları istiqamətində təlimatlandırıldılar.

Qeyd edək ki, Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən elan edilmiş “Təhsilin inkişafı üzrə ictimai təşəbbüslərin dəstəklənməsi” qrant müsabiqəsinin qalibi olmuş Beynəlxalq Avrasiya Mətbuat Fondunun həyata keçirdiyi “Təhsil müəssisələrində tələbələrin sosial fəaliyyəti və inkişafı” adlı layihənin icrası uğurla davam etdirilir. Məqsəd tələbələrin sosial fəaliyyətlərinin yaxşılaşdırılması, inkişaf etdirilməsi və sosial məsuliyyəti dərk edərək cəmiyyət üçün faydalı işlərin gorülməsinə cəlb edilməsidir.

İlk təlimlər Azərbaycanın qədim şəhəri Gəncədən başlayıb. Gəncə Dövlət Universiteti və Azərbaycan Dövlət Aqrar Universitetində 65 tələbəyə təlim keçilib.

Növbəti təlimlərin Bakı Dövlət Universitetində keçirilməsi planlaşdırılır.