DOST mərkəzlərinin işinin təşkili zamanı vətəndaşların qarşılanması və xidmət pəncərələrinə yönləndirilməsi, vətəndaş axınının, növbələrin idarə edilməsində iştirak, vətəndaşların məlumatlandırılması, elektron sistemlərdən istifadə üzrə köməklik, xidmət üzrə sənədlərin siyahısı ilə vətəndaşların tanış edilməsi, müxtəlif anket, forma və s. doldurulmasında köməklik, əlilliyi olan şəxslərə xüsusi diqqət və qayğı göstərilməsi, rəy sorğularının keçirilməsi və bir çox başqa işlərdə könüllülərin danılmaz xidməti var. Bu fəaliyyət sayəsində gənclər həm iş təcrübələrini artırır, həm də əhalinin xüsusi həssas təbəqəsi ilə işləmək bacarığı əldə edirlər.
DOST Agentliyində könüllülük fəaliyyəti 3 istiqamətdə təşkil edilib: “Gənc DOST”, “Gümüşü DOST” və “Distant DOST” altproqramları.
“Gənc DOST” altproqramında 16-29 yaşlı gənclər iştirak edə bilərlər. Könüllülük fəaliyyətinin müddəti 2 aydır və iş prosesi gündəlik olaraq 3 növbədə təşkil olunur. “Gənc DOST” altproqramı könüllülər üçün sosial əhəmiyyətli fəaliyyətdə rola malik olma, işgüzar vərdişlər əldə etmə, fərdi inkişaf, asudə vaxtın səmərəli keçirilməsi, yeni dostlar, əlaqələr və karyera yolunda ilk uğurlu addımların təməli baxımından faydalıdır. “Gənc DOST”a qoşulmaq istəyənlər bu linkə daxil olaraq qeydiyyatdan keçə bilərlər. “Gümüşü DOST” altproqramı yaşı 50-dən yuxarı olan şəxslərin aktiv həyat tərzinin təmin olunması və asudə vaxtlarının səmərəli təşkilinə dəstək məqsədi daşıyır. DOST mərkəzində “gümüşü” könüllü kimi fəaliyyət göstərmək istəyənlər bu linkə daxil olaraq qeydiyyatdan keçə bilərlər.