Bugünə qədər «Təhsil müəssisələrində tələbələrin sosial fəaliyyəti və inkişafı» layihəsi çərçivəsində 46 təlim keçirilib. Növbəti təlimlər Bakı Ali Neft Məktəbində təşkil olunacaq. Layihə çərçivəsində keçirilən təlimlərdə ümumilikdə 747 tələbə iştirak edib.

Budəfəki təlimlər Bakı Slavyan Universitetində 41 tələbənin iştirakı ilə baş tutub. Bakı Slavyan Universitetində BAMF-ın vitse-prezidenti, tanınmış telejurnalist Günel Gözəlovanın təqdimatında “Karyeranın düzgün seçilməsi və dəyərləndirilməsi”, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin nəzdində fəaliyyət göstərən Azİntelecom MMC-nin İnformasiya Təhlükəsizliyinin Təşkili Şöbəsinin mütəxəssisi Arzu Rəhimli və Cabir Ağazadənin təqdimatında “Rəqəmsal bacarıqların inkişafı. Kibertəhlükəsizlik” mövzuları istiqamətində təlimlər keçilib.

Onlara rəqəmsal dünyəvi əhəmiyyətindən və cəmiyyətimiz üçün hazırkı önəmindən danışılıb. Tələb olunan texniki biliklərə sahib namizədlərin sayı arasında böyüyən bir uçurumun aradan qaldırılması istiqamətində bütün sahələrdən olan mütəxəssislərin, hətta ali təhsili olmayanların belə rəqəmsal bacarıqlara yiyələnməsinin vacibliyi, eləcə də bu istiqamətdə nə edəcəkləri ilə bağlı təlimat verilib. Bütün dünyanın probleminə çevrilən kibertəhükəsizlik, kiber mühitdə özünümüdafiənin yolları təlimdə əsas prioritetlərdən olub. Həmçinin, onlar karyeralarını qurmağın yollarını öyrəniblər. Tələbələrə izah olunub ki, karyera yalnız xidmət üzrə irəliləyiş deyildir. İşdən kənar həyat da karyeranın tərkib hissəsi olmaqla, işçinin karyerasına əhəmiyyətli təsir göstərir. Onlar ilk olaraq hardan başlamağın vacibliyi, hansı istiqamətdə addım ata biləcəklərini necə təyin etmələri, əmək bazarını öyrənməyin yolları istiqamətində təlimatlandırılıblar.

Qeyd edək ki, Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən elan edilmiş “Təhsilin inkişafı üzrə ictimai təşəbbüslərin dəstəklənməsi” qrant müsabiqəsinin qalibi olmuş Beynəlxalq Avrasiya Mətbuat Fondunun həyata keçirdiyi “Təhsil müəssisələrində tələbələrin sosial fəaliyyəti və inkişafı” adlı layihənin icrası uğurla davam etdirilir.

Məqsəd tələbələrin sosial fəaliyyətlərinin yaxşılaşdırılması, inkişaf etdirilməsi və sosial məsuliyyəti dərk edərək cəmiyyət üçün faydalı işlərin gorülməsinə cəlb edilməsidir. Həmçinin, bir sıra dövlət qurumlarının rəhbər şəxsləri ilə seçilən tələbələrin görüşlərinin təşkili də nəzərdə tutulub. Layihənin sonunda yay kursları təşkil olunaraq, aktiv iştirakı ilə seçilən tələbələrə sertifikatlar təqdim olunacaq.