«Təhsil müəssisələrində tələbələrin sosial fəaliyyəti və inkişafı» layihəsi çərçivəsində təlimlər bitib. Xüsusilə vurğulayaq ki, layihənin icrasına başlayanda BAMF-a müraciət edən və tərəfimizdən cəlb edilən bir sıra universitetlərin tələbələrindən ibarət görüşlərdə onların maraqlarına, problemlərinin həllinə köməklik göstərəcək məsələlər təlim mərhələsi üçün mövzu olaraq seçilib.
Sonuncu təlimlər Bakı Ali Neft Məktəbində 82 tələbənin iştirakı ilə baş tutub. BANM-da keçirilən son təlimlər BAMF-ın vitse-prezidenti, tanınmış telejurnalist Günel Gözəlovanın təqdimatında “Karyeranın düzgün seçilməsi. İş imkanları məhdud olarkən nə etməli?, bir sıra beynəlxalq layihələrin müəllifi, Fondun Proqram Departamentinin rəhbəri Xudaverdi Quliyevin təqdimatında “Layihələrin yazılması və idarə olunması” mövzularında olub.
Onlar karyeralarını qurmağın yolları, ilk olaraq hardan başlamağın vacibliyi, hansı istiqamətdə addım ata biləcəklərini necə təyin etmələri, əmək bazarını öyrənməyin yolları, eyni zamanda şəxsi həyatda və iş həyatında özünü düzgün təqdimetmənin vacibliyi, hansı nüanslara diqqət yetirmələri, işəgötürənlə müsahibə zamanı nitq üslublarından tutmuş danışacaqları mövzuya qədər əhəmiyyətli məqamlar, ilkin təəssüratın xoş olması üçün edilməsi vacib olanlar istiqamətində təlimatlandırılıblar. Tələbələrə layihə sənədinin formalaşdırılması, büdcə planlaması, yerli və beynəlxalq layihələrin yazılma qaydaları, layihələrin düzgün idarə olunması və zamanın düzgün bölüşdürülməsi, icra planı, layihənin qiymətləndirilmə meyarları və hesabatlılıq, icra prossesində yarana biləcək risklər və onların idarə edilməsi istiqamətində təlim də keçilib.
Qeyd edək ki, Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən elan edilmiş “Təhsilin inkişafı üzrə ictimai təşəbbüslərin dəstəklənməsi” qrant müsabiqəsinin qalibi olmuş Beynəlxalq Avrasiya Mətbuat Fondunun həyata keçirdiyi “Təhsil müəssisələrində tələbələrin sosial fəaliyyəti və inkişafı” adlı layihəsinin icrası uğurla davam etdirilir. Təhsil müəssisələrində tələbələrin sosial fəaliyyətlərinin yaxşılaşdırılması, onların inkişaf etdirilməsi və həmçinin sosial məsuliyyəti dərk edərək cəmiyyət üçün faydalı işlərin gorülməsinə cəlb edilməsi layihənin əsas məqsədləridir. Layihənin digər bir məqsədi isə təhsil alan tələbələr arasında dostluq və yoldaşlıq hisslərinin yaradılması və ünsiyyətin möhkəmləndirilməsidir.
Layihənin icrasına yanvar ayından start verilib, işçi komandası formalaşıb. Tələbələri maraqlandıran bir sıra məsələlər ətrafında onların istəyinə uyğun fikir mübadiləsi aparılıb. Keçiləcək təlimlərin mövzuları “Auditoriya qarşısında çıxış. Nitq mədəniyyəti”, “CV necə yazılmalı, müsahibədən necə keçməli? Özünütəqdimat”, “Karyera imkanlarının düzgün seçilməsi və qiymətləndirilməsi”, “Rəqəmsal bacarıqların inkişafı. Kibertəhlükəsizlik”, “Xüsusən iş imkanları məhdud olarkan nə etməli? Ekstremal vəziyyətdə gənclərin atmalı olduğu addımlar!”, “Tələbə və hüquqları” olmaqla müəyyənləşdirilib.
Təlimlər Bakı Dövlət Universiteti, Sumqayıt Dövlət Universiteti, Gəncə Dövlət Universiteti, Azərbaycan Dövlət Aqrar Universiteti (Gəncə), Bakı Slavyan Universiteti, Azərbaycan Dövlət Pedaqoji Universiteti, Azərbaycan Dövlət İqtisad Universiteti, Azərbaycan Turizm və Menecment Universitetində, Azərbaycan Dövlət Neft və Sənaye Universitetində, Bakı Ali Neft Məktəbində və Beynəlxalq Avrasiya Mətbuat Fondunun mərkəzi ofisində baş tutub. Ümumilikdə təlimlərdə 904 tələbə iştirak edib.
Gördüyümüz işlərin tələbələr üçün daha əlçatan olması, hesabatlılığın şəffaflığının təmin edilməsi üçün “telebexidmet.az” brendi yaradılaraq veb-sayt hazırlanıb. Layihə çərçivəsində Azərbaycan Respublikasının Təhsil Nazirinin müşaviri Elnur Nəsibovla görüş keçirilib. Görüş zamanı layihənin və saytın təqdimatı olub, görülmüş işlərə dair hesabat verilib.
Eyni zamanda, Təhsilin inkişafı proqramları şöbəsinin müdiri Elvin Rüstəmov, Tədqiqat və innovasiya sektorunun müdiri səlahiyyətlərini icra edən Vüsalə Əliyeva, Beynəlxalq Avrasiya Mətbuat Fondunun rəsmi nümayəndələri və digər məsul şəxslər iştirakı ilə online iclas da keçirilib. Hesabat iclasında layihənin əhəmiyyəti və görülən işlər diqqətə çatdırılıb, məruzə ətrafında suallar cavablandırılıb və qarşılıqlı maraq doğuran məsələlər barədə ətraflı fikir mübadiləsi aparılıb.
İlk təlimlər Azərbaycanın qədim şəhəri Gəncədən başlayıb.