Beynəlxalq Avrasiya Mətbuat Fondu (BAMF) müxtəlif ölkələrdən olan bir qrup jurnalist tərəfindən yaradılmaş müstəqil beynəlxalq qeyri-hökumət təşkilatıdır. 1992-ci ildə Azərbaycanda dövlət qeydiyyatına alınıb. BAMF BMT qurumları, Amerikanın Dövlət Departamenti, Avropa Komissiyası, Dünya Bankı, Beynəlxalq Mətbuat İnstitutu, Beynəlxalq Jurnalistlər Federasiyası, bir sıra xarici ölkələrin Azərbaycan Respublikasındakı səfirlikləri, nazirliklər, agentliklər, eləcə də regiondakı yerli və beynəlxalq qeyri-hökumət təşkilatları ilə əməkdaşlıq çərçivəsində fəaliyyət göstərir.
Əsas fəaliyyət istiqamətləri aşağıdakılardır:
- Media və vətəndaş cəmiyyətinin inkişafı
- Böhranın idarə olunması, sülhməramlı aksiyalar və konfliktologiya
- Qaçqınlar və məcburi köçkünlərin problemləri
- İcmanın inkişafı
- Təhsil
BMT-nin İqtisadi Sosial Şurasının (ECOSOC) QHT bölməsinin xüsusi məşvərətçi statuslu üzvü olan BAMF, həmçinin Qaçqınlar və Sığınacaq Axtaranlar üzrə Avropa Şurasının (ECRE), ABŞ Dövlət Departamenti Hərbi-Siyasi İşlər Bürosunun Silahların Ləğvi və Qadağan Edilməsi İdarəsinin İctimai-Özəl Tərəfdaşlıq Proqramının, Beynəlxalq Mətbuat İnstitutunun (BMİ), Beynəlxalq Sülh Bürosunun (BSB) üzvüdür. BAMF Azərbaycan Mətbuat Şurasının və Azərbaycan Milli Qeyri-Hökumət Təşkilatları Forumunun yaradıcılarındandır.
Beynəlxalq təşkilatlara üzvlüyü BAMF-ın fəaliyyət dairəsinin genişlənməsi ilə yanaşı, həm də Fonda müvafiq səlahiyyətlər qazandırır. ECOSOC-da xüsusi məşvərətçi status qazanan BAMF BMT Baş Assambleyası tərəfindən çağırılan beynəlxalq konfrans və digər xüsusi iclasların iştirakçısı olmaq, komitə tərəfindən verilmiş zəmanət əsasında şifahi, həmçinin qısa yazılı bəyanatlar vermək, ECOSOC-un və onun digər orqanlarının iclaslarında iştirak üçün nümayəndələr təyin etmək, QHT-lərin maraqlı olduğu məsələlərlə bağlı katiblikdəki məmurlarla məsləhətləşmələr aparmaq səlahiyyətinə malikdir.
BAMF böhranın idarə olunmsı, sülhməramlı aksiyalar, konfliktologiya və insan haqlarının müdafiəsi sahəsində də səmərəli iş aparır. Fəaliyyətə başladığı ilk dövrlərdən regionda milli və hərbi zəmində baş verən münaqişələrin öyrənilməsi və aradan qaldırılması yollarının araşdırılması Fondun əsas vəzifələrindən biridir.
BAMF öz fəaliyyətinin bu istiqaməti ilə bağlı indiyədək xeyli layihələr həyata keçirib. «Evdə sülh, ölkədə sülh, cahanda sülh» (1992), «Ərazilərin minalardan təmizlənməsi üzrə birinci səviyyəli tədqiqat» (2000-2001), «Minaların təsirinin tədqiqatı» (2002-2003), «NATO və regional təhlükəsizlik» (2002), «İcma Mina Aksiyası» (2002-ci ildən indiyədək davam edir), «Minadan zərərçəkənlərin ehtiyaclarının öyrənilməsi» (2004), «Azərbaycanın Tərtər rayonunda Minadan Zərərçəkənlərin Assosiasiyasının yaradılması və onun fəaliyyəti» (2006-2007) layihələrini yerinə yetirmiş, onlarla beynəlxalq konfransların, seminarların, dəyirmi masaların iştirakçısı və təşkilatçısı olmuşdur. BAMF-ın təsisçiliyi ilə 2007-ilin mart ayında Azərbaycanda Minadan Zərərçəkənlərin Assosiasiyası (AMZA) təsis olunub, iyul ayında Ədliyyə Nazirliyində qeydiyyatdan keçib. ABŞ Dövlət Departamenti Hərbi-Siyasi İşlər Bürosunun Silahların Ləğvi və Qadağan Oldunması İdarəsinin maliyyə dəstəyi ilə 2007-ci ilin iyul ayından 2008-ci ilin iyul ayınadək «AMZA-nın Füzuli regional bölməsinin yaradılması və Tərtər bölməsinin fəaliyyətinin istiqamətləndirilməsi» və «AMZA-nın Akstafa regional bölməsinin yaradılması və onun fəaliyyətinin istiqamətləndirilməsi» layihələri həyata keçirilib.
Azərbaycanda qaçqınların və məcburi köçkünlərin problemlərinin həlli, miqrasiya məsələlərinin öyrənilməsi sahəsində də Beynəlxalq Avrasiya Mətbuat Fondu uğurlu işlər görür, layihələr həyata keçirir. Fəaliyyətə başladığı ilk dövrlərdən qaçqınların və məcburi köçkünlərin problemlərinin həlli məsələsini prioritet vəzifələrdən hesab edən BAMF, 1997-ci ilin dekabr ayında Sankt-Peterburq şəhərində Rusiya Coğrafiya Cəmiyyəti, Rusiya Yazıçılar İttifaqının Sankt-Peterburq şöbəsi, Sankt-Peterburq Dövlət Mədəniyyət Akademiyası, Azərbaycan-Sankt-Peterburq Mədəniyyət Mərkəzi ilə birgə «Milli məsələ və qaçqınlar problemi» adlı beynəlxalq konfrans keçirib. Tədbirdə 30-dan çox ölkənin 100-dən artıq nümayəndəsi iştirak edib. Konfransın qəbul etdiyi qətnamə BMT və dünya ictimaiyyətinə ünvanrlanmış, əsas diqqət Azərbaycanın problemlərinə yönəldilib, müharibənin Azərbaycana vurduğu ziyan sərgilərdə nümayiş etdirilib. BAMF Danimarka Qaçqınlar Şurasının maliyyə dəstəyi ilə 2001- 2003-cü illərdə «Qafqaz regionu qeyri-hökumət təşkilatları üzrə çoxfunksiyalı infoterminal» layihəsini həyata keçirib. 2002-ci ildə isə BAMF Gürcüstan Müstəqil Jurnalistlər Assosiasiyası ilə birlikdə «Qaçqın və məcburi köçkünlərin maraqlarının lobbiləşdirilməsi» layihəsinin icrasında iştirak edib.
BAMF-ın nəzdində fəaliyyət göstərən İcma Mina Aksiyası komandasının tərkibinin təxminən 40 faizini qaçqınlar və məcburi köçkünlər təşkil edir.
Dünya Bankının və Yaponiyanın Sosial İnkişaf Fondunun maliyyə dəstəyi ilə 2009-cu ildən icrasına başlanan “Ortaq məktəblərdə yerli məcburi köçkün şagirdlər arasında qarşılıqlı sosial əlaqələrin inkişaf etdirilməsi və stimullaşdırılması” layihəsi 2011-ci ildə başa çatıb.
Bəzi sosial ayırmalardan və əlavə vergilərdən azad olunması üçün Dövlət Reesterinə salınan BAMF Beynəlxalq Humanitar Yardım üzrə Dövlət Komissiyası tərəfindən qaçqınlara və məcburi köçkünlərə humanitar yardımların paylanması prosesinə cəlb edilib.
Azərbaycanda humanitar yardımdan inkişafa doğru keçildiyi bir dövrdə BAMF, icma problemlərinin həllini, ev-eşiklərindən didərgin düşmüş soydaşlar arasında sahibkarlıq bacarıqlarının inkişaf etdirilməsi məqsədilə layihələr həyata keçirilməsini ön plana salıb. Bunun üçün Təşkilatın 2007-ci ildə təsis etdiyi və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi tərəfindən qeydiyyata alınmış Bank Olmayan Kredit Təşkilatı «Avrasiya-Kredit» Məhdud Məsuliyyətli Cəmiyyət elə həmin ildən fəaliyyətə başlamış və indiyədək kiçik sahibkarlıqla məşğul olmaq üçün 1200 nəfərdən çox aztəminatlı ailəyə kredit vermişdir.
ABŞ Dövlət Departamentinin maliyyə dəstəyi ilə 2009-cu ilin iyul ayından həyata keçirilən “Azərbaycanın Tərtər regionunda mina qurbanları və müharibədən zərər çəkmiş insanlar üçün peşə təlimi mərkəzinin (PTM) yaradılması” layihəsi icmanın təşəbbüslərinin səfərbər olunmasında müstəsna əhəmiyyətə malikdir. Mina qurbanları, onların ailə üzvləri, təqaüdçü minaaxtaranlar, qaçqınlar, məcburi köçkünlər və aztəminatlı ailələr üçün peşə təlimi həyata keçirmək regionda bu təbəqədən olan insanlar arasında işsizliyin səviyyəsinin aşağı salınmasına imkan yaradır.
BAMF 2007-ci ilin iyul ayında Minilliyin İnkişafı Proqramı çərçivəsində BMT-nin Genevrə ofisində «İnkişaf üçün qlobal tərəfdaşlıq yolu ilə yoxsulluğun və aclığın aradan qaldırılması istiqamətində səylərin gücləndirilməsi» adlı İllik Yenilikçi sərgidə iştirak edib. Tədbirdə BMT-nin Baş Katibi, ECOSOC-un prezidenti, UNESCO-nun Baş katibi, ECOSOC-un QHT bölməsinin rəhbəri və digər yüksək çinli şəxslər iştirak ediblər. Sərgidə dünyanın ayrı-ayrı ölkələrindən 30-a yaxın QHT iştirak edib. BAMF sərgidə ABŞ Dövlət Departamenti Hərbi-Syasi İşlər Bürosunun Silahların Ləğvi və Qadağan Olunması İdarəsinin maliyyə dəstəyi ilə həyata keçirdiyi «Azərbaycanın Tərtər rayonunda minadan zərərçəkənlərin Assosiasiyasının yaradılması və onun fəaliyyəti» layihəsi çərçivəsində əldə olunmuş nailiyyətləri özündə əks etdirən «Uğurlu hekayət»lə iştirak edib.
BMT-nin Baş Katibi Ban Ki-mun BAMF-ın Yenilikçi sərgidə iştirakını yüksək qiymətləndirib, öz fikirlərini təşkilatın rəy kitabında belə ifadə edib: «Mən sizin bəşəriyyətə etdiyiniz təmənnasız xidməti dəstəkləyirəm!»
Bu gün baş ofisi Bakı şəhərində yerləşən BAMF özünün beynəlxalq təcrübəsinə, ciddi və nüfuzlu tərəfdaşlarına, səriştəli kadr potensialına, maddi-texniki bazasına görə regionda tanınmış qeyri-hökumət təşkilatlarından birinə çevrilib və onun Rusiyada, Baltikyanı respublikalarda şöbələri, dünyanın bir sıra ölkələrində təmsilçiləri vardır.
BAMF-ın Tərtər, Füzuli və Ağstafa rayonlarında regional ofisləri fəaliyyət göstərir. Bu ofislər vasitəsilə təşkilat regiondakı məqsəd və vəzifələrini koordinasiya edir.