Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən elan edilmiş “Təhsilin inkişafı üzrə ictimai təşəbbüslərin dəstəklənməsi” qrant müsabiqəsinin qalibi olmuş Beynəlxalq Avrasiya Mətbuat Fondunun həyata keçirdiyi “Təhsil müəssisələrində tələbələrin sosial fəaliyyəti və inkişafı” adlı layihəsinin hesabatverməsi keçirilib.
Təhsil müəssisələrində tələbələrin sosial fəaliyyətlərinin yaxşılaşdırılması, onların inkişaf etdirilməsi və həmçinin sosial məsuliyyəti dərk edərək cəmiyyət üçün faydalı işlərin gorülməsinə cəlb edilməsi layihənin əsas məqsədləridir. Layihənin digər bir məqsədi isə təhsil alan tələbələr arasında dostluq və yoldaşlıq hisslərinin yaradılması və ünsiyyətin möhkəmləndirilməsidir.
Tədbirdə nazirliyin Təhsilin inkişafı proqramları şöbəsinin müdiri Elvin Rüstəmov, Tədqiqat və innovasiya sektorunun müdiri səlahiyyətlərini icra edən Vüsalə Əliyeva, Beynəlxalq Avrasiya Mətbuat Fondunun rəsmi nümayəndələri və digər məsul şəxslər iştirak ediblər.
Hesabat iclasında layihənin əhəmiyyəti və görülən işlər diqqətə çatdırılıb, məruzə ətrafında suallar cavablandırılıb və qarşılıqlı maraq doğuran məsələlər barədə ətraflı fikir mübadiləsi aparılıb.
Qeyd edək ki, layihə üzrə işlərin icrası hazırda uğurla davam etdirilir.