Beynəlxalq Avrasiya Mətbuat Fondunun həyata keçirdiyi təhsil layihəsi uğurla davam edir. BAMF-da «Təhsil müəssisələrində tələbələrin sosial fəaliyyəti və inkişafı» layihəsi çərçivəsində xarici tələbələrlə görüş keçirilib.

Tədbirdə Azərbaycan Tibb Universitetində təhsil alan 14 ölkədən 24 tələbə iştirak edib. BAMF-ın Proqramlar departamentinin əməkdaşı Con Ayomide «Təhsil müəssisələrində tələbələrin sosial fəaliyyəti və inkişafı» layihəsi, görülən işlər haqqında xarici tələbələri məlumantlandırıb. Layihənin məqsədinin ali, orta ixtisas və peşə təhsili müəssisələrində tələbələrin sosial fəaliyyətlərinin yaxşılaşdırılması, onların hərtərəfli inkişaf etdirilməsi və sosial məsuliyyəti dərk edərək, cəmiyyət üçün faydalı işlərin görülməsinə cəlb edilmələri olduğunu bildirib. Məhz bu layihədə Azərbaycanda təhsil alan xarici tələbələrin biraraya gətirilməsi, onların problemlərinin həlli istiqamətində müvafiq qurumlarla əlaqələr qurulması, Azərbaycan təhsilinin bugünkü vəziyyəti, xarici tələbələrin ölkə təhsilinin inkişafı və onlara yaradılan yüksək şəraitdən yararlanmaları istiqamətində müzakirələr aparılıb.

Həmçinin, tələbələrin həm təhsil prosesində, həm də ictimai fəallıqlarında əhatə dairəsinin genişləndirilməsi onların ixtisaslarına daha maraqla yanaşmaları, fəallıq nümayiş etdirmələri, elmi və digər yaradıcılıqlarını inkişaf etdirmələri, biliklərin praktiki əhəmiyyətini dərk etmələri əsas mövzulardan biri olub.

Tədbir çərçivəsində Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin miqrasiya prosseslərinin tənzimlənmə baş idarəsinin inspektoru, 2-ci dərəcəli miqrasiya xidməti qulluqçusu Esmira Cabbarlı xarici tələbələrin suallarını cavablandırıb. Onların mövcud problemlərinin yaranma səbəbləri, nəticələrin aradan qaldırılması istiqamətində düzgün addım atmaları üçün təlimatlandırıb. Əsas suallardan biri kirayə evlər, qeydiyyata düşmək, çıxarış sənədləri ilə bağlı olub. Digər problemsə xarici tələbələrin ev tutarkən kirayə haqqının günü-gündən artması ilə bağlı olub. Bundan başqa bəzi dövlətlərdə dövlət Universiteti olmasına baxmayaraq ATU-nun diplomunun tanınmaması ilə bağlı problemlərinin olduğunu bildiriblər. “Təhsil müəssisələrində tələbələrin sosial fəaliyyəti və inkişafı” layihəsi çərçivəsində təşkil olunan görüşdə iştirak edən BAMF-ın prezidenti Umud Mirzəyev istər miqrasiya problemləri ilə, istərsə də digər problemlərlə bağlı suallar istiqamətində onlara dəstək olacağını söyləyib. Azərbaycan Tibb Universitetinin xarici tələbələrlə iş üzrə dekan müavini, dosent Niyazi Hacızadə BAMF-ın təhsil layihəsi çərçivəsində keçirilən görüşünün onlar üçün çox əhəmiyyətli olduğunu bildirib, ATU rəhbərliyi adından BAMF-ın rəhbərinə və layihə komandasına təşəkkür edib.

Qeyd edək ki, Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən elan edilmiş “Təhsilin inkişafı üzrə ictimai təşəbbüslərin dəstəklənməsi” qrant müsabiqəsinin qalibi olmuş Beynəlxalq Avrasiya Mətbuat Fondunun həyata keçirdiyi “Təhsil müəssisələrində tələbələrin sosial fəaliyyəti və inkişafı”adlı layihənin icrası uğurla davam etdirilir. Layihə çərçivəsində 904 tələbəyə təlim keçilib. Eyni zamanda, telebexidmet.az saytı vasitəsilə BAMF-a müraciət edən və layihə əməkdaşlarının öz təşəbbüsü ilə azərbaycanlı tələbələrlə yanaşı, xarici tələbələrlə də görüşlər təşkil olunub.