Dövlət Gömrük Komitəsi respublikamızın regionlarında yaşayan gənclərin həyatın bütün sahələrində iştirak imkanlarının artırılması, habelə gömrük sistemində gənclərin könüllülük hərəkatının stimullaşdırılması və yerlərdə intensivləşdirilməsi məqsədilə Komitənin Ərazi Baş Gömrük İdarələrinə və həmçinin İdarələrin strukturuna daxil olan bir sıra gömrük postlarına gəncləri könüllülük fəaliyyətinə cəlb etmək niyyətindədir.
Bununla əlaqədar olaraq, regionlarımızda yaşayan gənclər Komitənin Şimal Ərazi Baş Gömrük İdarəsi və onun strukturuna daxil olan “Samur”, “Yalama”, “Xanoba”, “Şirvanlı”, “Zuxul” gömrük postlarında, Qərb Ərazi Baş Gömrük İdarəsi və onun strukturuna daxil olan “Tovuz”, “Yevlax”, “Balakən” gömrük postlarında, Cənub Ərazi Baş Gömrük İdarəsi və onun strukturuna daxil olan “Şirvan”, “Biləsuvar” və “Astara” gömrük postlarında “Könüllü gömrükçü” kimi fəaliyyət göstərmək üçün müraciət edə bilər.
“Könüllü gömrükçü” dəstəsinin ehtiyyat üzvü olmaq istəyən (ali təhsil müəssisəsində təhsil alan və ya ali təhsil müəssisəsini bitirmiş) gənclərdən (18-29 yaş) aşağıdakı formanı dolduraraq Dövlət Gömrük Komitəsinə göndərmələri xahiş olunur. Müraciətin Dövlət Gömrük Komitəsinə daxil olması ilə bağlı Sizə məlumat veriləcəkdir.