Beynəlxalq Avrasiya Mətbuat Fondunun təşəbbüsü və Təhsil Nazirliyinin dəstəyi ilə keçirilən “Təhsil müəssisələrində tələbələrin sosial fəaliyyəti və inkişafı” layihəsi çərçivəsində Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti ilə onlayn görüş keçirilib. 

Tədbirdə Beynəlxalq Avrasiya Mətbuat Fondunun prezidenti Umud Mirzəyev, layihə koordinatorları Kamran Çələbiyev, Şəhla Əliyeva və Con Aroqun, həmçinin Antiinhisar və İstehlak Bazarına Nəzarəti Dövlət Xidmətinin əməkdaşları iştirak ediblər.
Çıxışı zamanı BAMF-ın prezidenti Umud Mirzəyev layihənin əhəmiyyətini və “tələbəxidmət” saytı ilə əməkdaşlıq edən dövlət və özəl qurumlarının sayının günü-gündən artdığını qeyd edib.Eyni zamanda, layihə haqqında geniş məlumat verilib. Gəncə və Sumqayıt şəhərlərində keçirilən təlimlərdən danışılıb, görülən işlərin aktuallığı müzakirə olunub və layihə çərçivəsində “telebexidmet.az” saytı ilə dövlət və özəl qurumlar rasında qurulacaq əməkdaşlıqdan söhbət açılıb.
Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin nümayəndələri bildiriblər ki, əməkdaşlıq çərçivəsində tələbələr Xidmətin Salyan, Gəncə və Sumqayıt şəhərlərində yerləşən laboratoriylarında keçirilən məlumat turlarında iştirak etmək şansı əldə edə bilərlər. Bildiriblər ki, könüllülərlə əməkdaşlıq etmək və təcrübə keçən gənclərin əmək məcəlləsinə uyğun olaraq gələcəkdə işlə təmin olunması da mümkündür.
“Təhsil müəssisələrində tələbələrin sosial fəaliyyəti və inkişafı” layihəsi çərçivəsində Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti ilə Beynəlxalq Avrasiya Mətbuat Fondunun əməkdaşlığı nəticəsində “telebexidmet.az” saytında qurumun təcrübə proqramları yerləşdiriləcək, könüllülərlə əməkdaşlığa şərait yaradılacaq.