«Təhsil müəssisələrində tələbələrin sosial fəaliyyəti və inkişafı» layihəsi çərçivəsində  seminar-təlimlər davam edir. Növbəti təlimlər Azərbaycanın ən qədim təhsil ocağı olan Bakı Dövlət Universitetində baş tutub.

Bakı Dövlət Universitetində  BAMF-ın prezidenti, bir sıra beynəlxalq layihələrin müəllifi, tanınmış jurnalist Umud Mirzəyevin təqdimatında “Karyeranın düzgün seçilməsi. İş imkanları məhdud olarkən nə etməli?”, “Müvəkkil” Hüquq Mərkəzinin sədri, hüquq müdafiəçisi Səməd Vəkilovun təqdimatında “Özünütəqdimat. Tələbə və hüquqları” mövzuları istiqamətində təlimlər keçirilib.

Onlar karyeralarını qurmağın yolları, ilk olaraq hardan başlamağın vacibliyi, hansı istiqamətdə addım ata biləcəklərini necə təyin etmələri, əmək bazarını öyrənməyin istiqamətləri, eyni zamanda şəxsi və iş həyatında özünü düzgün təqdimetmənin vacibliyi, hansı nüanslara diqqət yetirmələri ilə bağlı təlimatlandırıldılar. Eyni zamanda, onlara şəxsiyyətin inkişafı üçün adekvat olan, tələbənin fərdi və akademik inkişafına kömək edən hərtərəfli təhsil almaq hüququ, şəxsi, ailə, iqtisadi və ya sosial-mədəni həyatda yarana biləcək çatışmazlıqları kompensasiya etmək üçün kömək və dəqiq dəstək almaq hüquqları ilə bağlı geniş məlumat verildi. Məqsəd tələbələrin sosial fəaliyyətlərinin yaxşılaşdırılması, məlumatlılıqlarının inkişaf etdirilməsi və sosial məsuliyyəti dərk edərək cəmiyyət üçün faydalı işlərin gorülməsinə cəlb edilməsidir.

Qeyd edək ki,  Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən elan edilmiş “Təhsilin inkişafı üzrə ictimai təşəbbüslərin dəstəklənməsi” qrant müsabiqəsinin qalibi olmuş Beynəlxalq Avrasiya Mətbuat Fondunun həyata keçirdiyi “Təhsil müəssisələrində tələbələrin sosial fəaliyyəti və inkişafı”adlı layihənin icrası uğurla davam etdirilir.  

Layihə çərçivəsində Gəncə Dövlət Universitetində, Aqrar Dövlət Universitetində, Sumqayıt Dövlət Universitetində, Bakı Dövlət Universitetində 248 tələbə olmaqla 16 təlim keçirilib. Layihənin icrasına yanvar ayından start verilib, işçi komandası formalaşıb. Tələbələri maraqlandıran bir sıra məsələlər ətrafında onların istəyinə uyğun fikir mübadiləsi aparılıb. Keçiləcək təlimlərin mövzuları “Auditoriya qarşısında çıxış. Nitq mədəniyyəti”, “CV necə yazılmalı, müsahibədən necə keçməli? Özünütəqdimat”, “Karyera imkanlarının düzgün seçilməsi və qiymətləndirilməsi”, “Rəqəmsal bacarıqların inkişafı. Kibertəhlükəsizlik”, “Xüsusən iş imkanları məhdud olarkan nə etməli? Ekstremal vəziyyətdə gənclərin atmalı olduğu addımlar!”, “Tələbə və hüquqları” istiqamətində müəyyənləşdirilib. İlk təlimlər Azərbaycanın qədim şəhəri Gəncədən başlayıb.