Beynəlxalq Avrasiya Mətbuat Fondunun icra etdiyi “Təhsil müəssisələrində tələbələrin sosial fəaliyyəti və inkişafı” layihəsi çərçivəsində fərqlənən tələbələrin etalon labaratoriyalarına ekskursiyasını təşkil edib. BAMF prezidenti Umud Mirzəyev tələbələrə və İnstitutun rəhbər heyətinə ekskursiya üçün nəyə görə məhz bu idarəni seçdiklərini, eyni zamanda təhsil lahiyəsinin icrasının əhəmiyyətindən danışıb. Azərbaycan Metrologiya İnstitutunun Qanunverici Metrologiya şöbəsinin Təlim-tədris sektorunun baş mütəxəssisi Tamerlan Məmmədovsa tələbələrə İnstitutun fəaliyyət istiqamətləri və əhəmiyyəti ilə bağlı ətraflı məlumat verib.

Daha sonra tələbələr və BAMF-ın nümayəndə heyəti İnstitutun “Sıxlıq və özlülük dövlət etalonları”, “Sıxlıq kəmiyyət vahidinin dövlət etalonu”, “Fiziki-kimyəvi və optiki-fizika ölçmə vasitələrinin yoxlanılması və kalibrlənməsi”, “Elektrik və radiotexniki ölçmə vasitələrinin yoxlanılması və kalibrlənməsi”, “Temperatur ölçmə vasitələrinin yoxlanılması və kalibrlənməsi”, “Vaxt və tezlik dövlət etalonları”, “Kütlə dövlət etalonları”, “Azərbaycan Respublikası ilə Atom Enerjisi üzrə Beynəlxalq Agentlik arasında (AEBA) ilə Texniki Əməkdaşlıq çərçivəsində yaradılmış etolon dozimetrik” labaratoriyalanda olublar. Etalon labaratoriyalarında ekskursiya iştirakçılarına ətraflı məlumat verilib.

İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti Azərbaycan Metrologiya İnstitutunun laboratoriyalarında olan tələbələr dünya əhəmiyyətli avadanlıqları ilk dəfə gördüklərini söyləyiblər və bu ekskursiyanın təşkilinə görə, BAMF-ın müvafiq layihəni icra edən komandasına təşəkkür ediblər. Görüşdə Bakı Dövlət Universiteti, Sumqayıt Dövlət Universiteti, Azərbaycan Dövlət Pedaqoji Universiteti, Bakı Slavyan Universiteti, Dövlət İqtisad Universiteti, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti və Bakı Ali Neft Məktəbində keçirilən təlimlərdə iştirakı ilə fərqlənən 19 tələbə iştirak edib.

BAMF-ın Azərbaycan Respublikası Təhsil Nazirliyinin dəstəyi ilə həyata keçirdiyi “Təhsil müəssisələrində tələbələrin sosial fəaliyyəti və inkişafı” layihəsi uğurla davam etdirilir.