Beynəlxalq Avrasiya Mətbuat Fondunun icra etdiyi “Təhsil müəssisələrində tələbələrin sosial fəaliyyəti və inkişafı” layihəsi çərçivəsində tələbələr üçün yay kurslarına start verilib. Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən elan edilmiş “Təhsilin inkişafı üzrə ictimai təşəbbüslərin dəstəklənməsi” qrant müsabiqəsinin qalibi olmuş Beynəlxalq Avrasiya Mətbuat Fondunun həyata keçirdiyi “Təhsil müəssisələrində tələbələrin sosial fəaliyyəti və inkişafı” adlı layihənin icrası uğurla davam etdirilir.
6 aydır davam edən layihə çərçivəsində Azərbaycanın 10 ali təhsil ocağından təlimə qatılan 904 tələbədən ən aktivləri seçilib. Hazırkı ingilis dilindən təkmilləşdirmə kurslarında iştirak edən tələbələr mütəxəssis Elnur Məmmədlinin dəstəyi ilə danışıq dillərini inkişaf etdirirlər. Onlar yeni sözlər mənimsəyərək söz və danışıq biliklərini artırır, kurslarda özlərini sanki ingilisdilli ölkədə hiss etmələri üçün bütün beynəlxalq proqramlardan istifadə olunur.
Tələbələr bu kurslarda bir-biri ilə ingilis dilində müxtəlif mövzularda söhbət etmək imkanı qazanaraq, sərbəst ünsiyyət mühitində komplekslərdən azad olurlar. Məqsəd tələbələrin ingilis dili biliklərinin möhkəmləndirilməsidir.
Qeyd edək ki, 2022-ci ildə BAMF-ın Azərbaycan Respublikası Təhsil Nazirliyinin dəstəyi ilə həyata keçirdiyi “Təhsil müəssisələrində tələbələrin sosial fəaliyyəti və inkişafı” layihəsi çərçivəsində 10 ali təhsil ocağı (bəzilərində 2 gün), eyni zamanda Beynəlxalq Avrasiya Mətbuat Fondunun mərkəzi ofisində olmaqla 904 tələbəyə 6 mövzu istiqamətində 54 təlim keçilib. Eyni zamanda, telebexidmet.az saytı vasitəsilə BAMF-a müraciət edən və layihə əməkdaşlarının öz təşəbbüsü ilə azərbaycanlı tələbələrlə yanaşı, 14 ölkədən olan xarici tələbələrlə də görüşlər təşkil olunub.
Sonda layihə boyu aktivliyi ilə seçilən tələbələr sertifikatla təltif olunacaqlar.