Beynəlxalq Avrasiya Mətbuat Fondunun icra etdiyi “Təhsil müəssisələrində tələbələrin sosial fəaliyyəti və inkişafı” layihəsi çərçivəsində təlimlərdə öz potensialına, bilik və bacarıqlarına görə fərqlənən tələbələrlə uğurlu rəhbər şəxslərin görüşü davam edir. Növbəti görüş Ekologiya və Təbii Sərvətlər nazirinin müavini Firdovsi Əliyevlə təşkil olunub.

Tədbirdə Bakı Dövlət Universiteti, Sumqayıt Dövlət Universiteti, Azərbaycan Dövlət Pedaqoji Universiteti, Bakı Slavyan Universiteti, Azərbaycan Dövlət İqtisad Universiteti, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, eləcə də Bakı Ali Neft Məktəbində keçirilən təlimlərdə fərqlənən 22 tələbə iştirak edib. İştirakçılar arasında Prezident təqaüdçüsü olan tələbələr də olub.

Beynəlxalq Avrasiya Mətbuat Fondunun Prezidenti Umud Mirzəyev yaradılan şərait üçün Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rəhbər şəxslərinə və idarə heyətinə öz təşəkkürünü bildirib. Daha sonra o, layihənin məqsədi, görülən işlər və tələbə-gənclərin həyat və fəaliyyətində oynayacağı vacib roldan danışıb. Umud Mirzəyev Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rəhbərliyinə, görüşdə iştirak edən nazir müavini Firdovsi Əliyevə bu layihəyə göstərdikləri dəstəyə və tələbələrlə səmimi görüşdə iştirakına görə öncədən minnətdarlığını bildirib.

Daha sonra Ekologiya və Təbii Sərvətlər nazirinin müavini Firdovsi Əliyev tələbələrlə səmimi söhbət edib. Bugünə qədər keçdiyi karyera yolu, qarşısına çıxan çətinliklər, əsasını fiziki və mənəvi zəhmət təşkil edən tələbəlik illəri, eyni zamanda həyat yolundan, bugünkü fəaliyyətindən danışıb. Nazir müavini eyni zamanda tələbələri Azərbaycanın hazırki ekoloji vəziyyətilə bağlı məlumatlandırıb və bu sahədə görülən işlər, keçirilən layihələr və aksiyalar haqqında qeydlər edib. O, tələbələrin hansı ixtisas və peşə üzrə təhsil almasından asılı olmayaraq hər birinin bir ekoloq kimi yaşamalı olduğunu vurğulayıb və “Təbiəti dəyişməyək, özümüzü dəyişək” deyərək, hamını təbiəti qorumağa və bunu hər kəsə aşılamağa çağırıb.

Nazir müavini səmimi söhbət zamanı tələbələrin suallarını cavablandırıb, onlara iş və şəxsi həyatında prioritetlərinin zəhməti sevmək, yenidən başlamaq, davam etmək, yenilməmək, uğura çatmaq olduğunu bildirib. Daha sonra Firdovsi Əliyev bu səmimi görüşü təşkil edən BAMF-ın vitse-prezidenti Günel Gözəlovaya və layihənin rəhbəri BAMF-ın prezidenti Umud Mirzəyevə təşəkkür edib. Tələbələrlə səmimi söhbətdən çox məmnun qaldığını bildirib.

Qeyd edək ki, 2022-ci ildə BAMF-ın Azərbaycan Respublikası Təhsil Nazirliyinin dəstəyi ilə həyata keçirdiyi “Təhsil müəssisələrində tələbələrin sosial fəaliyyəti və inkişafı” layihəsi çərçivəsində 10 ali təhsil ocağı (bəzilərində 2 gün), eyni zamanda Beynəlxalq Avrasiya Mətbuat Fondunun mərkəzi ofisində olmaqla 904 tələbəyə 6 mövzu istiqamətində 54 təlim keçirilib. Eyni zamanda, azərbaycanlı tələbələrlə yanaşı 14 ölkədən olan xarici tələbələrlə də görüşlər olub. Bundan başqa, İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin tabeliyində olan Azərbaycan Metrologiya İnstitutunun dünya əhəmiyyətli etalon laboratoriyalarında tələbələrin ekskursiyasi da təşkil edilib.