Beynəlxalq Avrasiya Mətbuat Fondunun icra etdiyi “Təhsil müəssisələrində tələbələrin sosial fəaliyyəti və inkişafı” layihəsi çərçivəsində fərqlənən tələbələrlə uğurlu rəhbər şəxslərin növbəti görüşü baş tutub. Bu dəfə BAMF, Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Vüsal Nəsirli ilə tələbələrin görüşünü təşkil edib. Tədbirdə Bakı Dövlət Universiteti, Sumqayıt Dövlət Universiteti, Azərbaycan Dövlət Pedaqoji Universiteti, Bakı Slavyan Universiteti, Dövlət İqtisad Universiteti, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Bakı Ali Neft Məktəbində keçirilən təlimlərdə iştirakı ilə fərqlənən, sıralarında Prezident təqaüdçüləri də olan 20 tələbə iştirak edib.

Görüşün məqsədi, BAMF-ın bu layihə çərçivəsində gördüyü və görəcəyi işlərlə bağlı danışan Fondun Prezidenti Umud Mirzəyev nazir müavini Vüsal Nəsirli və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin rəhbərliyinə göstərdikləri dəstəyə görə minnətdarlığını bildirib. Tədbirdə layihə ilə bağlı video nümayiş etdirilib, BAMF-ın əməkdaşı Səidə İsmayılova «Təhsil müəssisələrində tələbələrin sosial fəaliyyəti və inkişafı» layihəsi ilə bağlı ətraflı məlumat verib.

Daha sonra Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Vüsal Nəsirli tələbələrlə səmimi söhbət edib, özü haqda ətraflı məlumat verib. Bugünə qədər keçdiyi karyera yolundan danışan nazir müavini tələbəlik illərini xatırlayıb, eyni zamanda təhsilin heç bir yaşda gec olmadığını söyləyib. O tələbələrə əsas maraqlarından birinin mütaliə olduğunu və bunu bütün Azərbaycan gəncliyinə tövsiyyə etdiyini bildirib: “Mən deyərdim ki, sizin uğurunuzun açarı məhz mütaliənizin genişliyi olacaq. Növbəti əsas addımınızsa nə etməli olduğunuzu planlayın, prioritetlərinizi dəqiqiləşdirin. Ən azı qarşıdakı 5 il ərzində nə edəcəksiniz, bu istiqamətdə hansı addımları atacağınızı bilməlisiniz. Əmin olun ki, bu zaman siz uğura daha tez nail olacaqsınız”. Son zamanlar gözəl memarlıq nümunələrini gördükcə bu sahəyə ciddi marağının yarandığını deyən nazir müavini, seçdikləri sahəni gələcəkdə daha prioritet ixtisaslarla əvəz etmələri üçün onların mütləq öz üzərilərində daim çalışmalı olduqlarını, zəhməti sevməyin vacibliyini söyləyib.

Nazir müavini səmimi söhbət zamanı tələbələrin suallarını da cavablandırıb. Eyni zamanda, ƏƏSMN-nin fəaliyyəti, son illərdə nazirliyin gördüyü işlər, reallaşdırdığı ölkə əhəmiyyətli layihələrdən danışıb. Sonda tədbirin təşkilinə görə BAMF-ın vitse prezidenti Günel Gözəlovaya və əhəmiyyətli, eyni zamanda maraqlı layihənin icrasına görə təşkilatın rəhbəri Umud Mirzəyevə təşəkkürünü bildirib. Nazir müavini tələbələrlə səmimi söhbətdən məmnun qaldığını deyib.

Qeyd edək ki, 2022-ci ildə BAMF-ın Azərbaycan Respublikası Təhsil Nazirliyinin dəstəyi ilə həyata keçirdiyi “Təhsil müəssisələrində tələbələrin sosial fəaliyyəti və inkişafı” layihəsi çərçivəsində 10 ali təhsil ocağı (bəzilərində 2 gün), eyni zamanda Beynəlxalq Avrasiya Mətbuat Fondunun mərkəzi ofisində olmaqla 904 tələbəyə 6 mövzu istiqamətində 54 təlim keçirilib. Eyni zamanda, telebexidmet.az saytı vasitəsilə BAMF-a müraciət edən və layihə əməkdaşlarının öz təşəbbüsü ilə azərbaycanlı tələbələrlə yanaşı, 14 ölkədən olan xarici tələbələrlə də görüşlər təşkil olunub.

Layihənin növbəti mərhələsində tələbələr üçün yay kurslarına start veriləcək və layihə boyu aktivliyi ilə seçilən tələbələr sertifikatla təltif olunacaqlar.