Beynəlxalq Avrasiya Mətbuat Fondunun icra etdiyi “Təhsil müəssisələrində tələbələrin sosial fəaliyyəti və inkişafı” layihəsi çərçivəsində fərqlənən tələbələrlə uğurlu rəhbər şəxslərin görüşü keçirilir. İlk görüş Rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rövşən Rüstəmovla təşkil olunub. Görüşdə Bakı Dövlət Universiteti, Sumqayıt Dövlət Universiteti, Azərbaycan Dövlət Pedaqoji Universiteti, Bakı Slavyan Universiteti, Azərbaycan Dövlət İqtisad Universiteti, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, eləcə də Bakı Ali Neft Məktəbində keçirilən təlimlərdə iştirakı ilə fərqlənən 4-ü Prezident təqaüdçüsü olmaqla 27 tələbə iştirak edib.
Görüşün məqsədi və BAMF-ın bu layihə çərçivəsində gördüyü və görəcəyi işlərlə bağlı danışan Fondun Prezidenti Umud Mirzəyev nazir müavini Rövşən Rüstəmova və Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin rəhbərliyinə göstərdikləri dəstəyə görə minnətdarlığını bildirib. Umud Mirzəyev, təhsil layihəsi çərçivəsində nazirlik əməkdaşlarının bütün dünyanın prioritet sahələrindən olan “Rəqəmsal bacarıqların inkişafı. Kibertəhlükəsizlik” mövzusunda keçirilən təlimlərdə aktiv iştirakının Azərbaycan gəncliyinə, gələcəyinə olan inamın göstəricisi olduğunu bildirib. Tədbirdə layihə ilə bağlı video nümayiş etdirilib, BAMF-ın Proqramlar departamentinin əməkdaşı Con Ayomide «Təhsil müəssisələrində tələbələrin sosial fəaliyyəti və inkişafı» layihəsi ilə bağlı ətraflı məlumat verib.
Daha sonra Rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rövşən Rüstəmov tələbələrlə səmimi söhbət edib. Bugünə qədər keçdiyi karyera yolu, qarşısına çıxan çətinliklər, əsasını fiziki və mənəvi zəhmət təşkil edən tələbəlik illəri, eyni zamanda həyat yolundan danışıb. Rövşən Rüstəmov öyrənməyin həyat kredosu olduğunu bildirib və tələbələrə Azərbaycan gəncliyinə tam güvəndiyini söyləyib: “Karyeranızı hər il planlaşdırın, axtarıla bilən bacarıqlara sahib olun, karyera və iş məqsədlərinizi təyin edin və heç vaxt öyrənməyi dayandırmayın”.
Nazir müavini səmimi söhbət zamanı tələbələrin suallarını cavablandırıb, onlara iş və şəxsi həyatında prioritetlərinin zəhməti sevmək, yenidən başlamaq, davam etmək, yenilməmək, uğura çatmaq olduğunu bildirib. Söyləyib ki, uğurun açarı zəhmət və elmdən başlayır, ancaq aydın məqsədərə malik olmaq çox vacibdir: “Aydın məqsədlərə malik adi insan nə istədiyini dəqiqləşdirə bilməyən fitri istedada malik insandan qat-qat artıq nailiyyətlər əldə edir”. Daha sonra Rövşən Rüstəmov səmimi görüşü təşkil edən BAMF-ın vitse prezidenti Günel Gözəlovaya təşəkkür edib və tələbələrlə səmimi söhbətdən məmnun qaldığını bildirib.
Qeyd edək ki, 2022-ci ildə BAMF-ın Azərbaycan Respublikası Təhsil Nazirliyinin dəstəyi ilə həyata keçirdiyi “Təhsil müəssisələrində tələbələrin sosial fəaliyyəti və inkişafı” layihəsi çərçivəsində 10 ali təhsil ocağı (bəzilərində 2 gün), eyni zamanda Beynəlxalq Avrasiya Mətbuat Fondunun mərkəzi ofisində olmaqla 904 tələbəyə 6 mövzu istiqamətində 54 təlim keçirilib.
Eyni zamanda, telebexidmet.az saytı vasitəsilə BAMF-a müraciət edən və layihə əməkdaşlarının öz təşəbbüsü ilə azərbaycanlı tələbələrlə yanaşı, 14 ölkədən olan xarici tələbələrlə də görüşlər təşkil olunub.