Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən elan edilmiş “Təhsilin inkişafı üzrə ictimai təşəbbüslərin dəstəklənməsi” qrant müsabiqəsinin qalibi olmuş Beynəlxalq Avrasiya Mətbuat Fondunun həyata keçirdiyi “Təhsil müəssisələrində tələbələrin sosial fəaliyyəti və inkişafı”adlı layihənin icrası uğurla davam etdirilir. Beynəlxalq Avrasiya Mətbuat Fondunun icra etdiyi layihə çərçivəsində tələbələr üçün 13-20 iyul tarixlərində yay kursları keçilib.
Kurslarda iştirak edənlər 6 aydır davam edən layihədə 10 ali təhsil ocağında keçilən təlimə qatılan 904 tələbə arasından seçiliblər. İngilis dilindən təkmilləşdirmə kurslarında iştirak edən tələbələr mütəxəssis Elnur Məmmədlinin dəstəyi ilə danışıq dillərini inkişaf etdirmək imkanı qazanıblar. Onlar yeni sözlər mənimsəyərək söz və danışıq biliklərini artırıb, bir sıra beynəlxalq ingilis dili öyrənmək proqramlardan istifadə ediblər.
Tələbələr bu kurslarda bir-biri ilə ingilis dilində müxtəlif mövzularda söhbət etmək imkanı qazanaraq, sərbəst ünsiyyət mühitində komplekslərdən azad olublar. Məqsəd tələbələrin ingilis dili biliklərinin möhkəmləndirilməsi, təkmilləşdirilməsidir.
Qeyd edək ki, 2022-ci ildə BAMF-ın Azərbaycan Respublikası Təhsil Nazirliyinin dəstəyi ilə həyata keçirdiyi “Təhsil müəssisələrində tələbələrin sosial fəaliyyəti və inkişafı” layihəsi çərçivəsində 10 ali təhsil ocağı (bəzilərində 2 gün), eyni zamanda Beynəlxalq Avrasiya Mətbuat Fondunun mərkəzi ofisində olmaqla 904 tələbəyə 6 mövzu istiqamətində 54 təlim keçilib. Eyni zamanda, telebexidmet.az saytı vasitəsilə BAMF-a müraciət edən və layihə əməkdaşlarının öz təşəbbüsü ilə azərbaycanlı tələbələrlə yanaşı, 14 ölkədən olan xarici tələbələrlə də görüşlər təşkil olunub.
Sonda layihə boyu aktivliyi ilə seçilən tələbələr sertifikatla təltif olunacaqlar.