«Təhsil müəssisələrində tələbələrin sosial fəaliyyəti və inkişafı» layihəsi çərçivəsində təlimlər uğurla davam etdirilir. Növbəti təlimlər Azərbaycan Turizm və Menecment Universitetində təşkil olunub. ATMU-da 24 tələbəyə təlim keçirilib.
ATMU-da keçirilən təlimlər “Müvəkkil” Hüquq Mərkəzinin sədri, hüquq müdafiəçisi Səməd Vəkilovun təqdimatında “Tələbə və hüquqları” mövzusu istiqamətində müzkirələr və maarifləndirmə şəklində təşkil olunub. Onlara şəxsiyyətin inkişafı üçün adekvat olan, tələbənin fərdi və akademik inkişafına kömək edən hərtərəfli təhsil almaq hüququ, şəxsi, ailə, iqtisadi və ya sosial-mədəni həyatda yarana biləcək çatışmazlıqları kompensasiya etmək üçün kömək və dəqiq dəstək almaq hüquqları ilə bağlı geniş məlumat verilib. Məqsəd tələbələrin sosial fəaliyyətlərinin yaxşılaşdırılması, məlumatlılıqlarının inkişaf etdirilməsi və sosial məsuliyyəti dərk edərək cəmiyyət üçün faydalı işlərin gorülməsinə cəlb edilməsidir.
Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən elan edilmiş “Təhsilin inkişafı üzrə ictimai təşəbbüslərin dəstəklənməsi” qrant müsabiqəsinin qalibi olmuş Beynəlxalq Avrasiya Mətbuat Fondunun həyata keçirdiyi “Təhsil müəssisələrində tələbələrin sosial fəaliyyəti və inkişafı” layihəsi çərçivəsində təlimlər davam etdiriləcək.
Qeyd edək ki, İlk təlimlər Azərbaycanın qədim şəhəri Gəncədən başlayıb. Bugünə qədər keçirilən 36 təlimdə 646 tələbə iştirak edib.