«Təhsil müəssisələrində tələbələrin sosial fəaliyyəti və inkişafı» layihəsi çərçivəsində təlimlər davam edir. Növbəti təlimlər xarici tələbələr üçün Beynəlxalq Avrasiya Mətbuat Fondunda təşkil olunub.

Fondda Xəzər Universitetindən, Bakı Slavyan Universitetindən, Azərbaycan Tibb Universitetindən olan tələbələrlə görüş keçirilib. BAMF-ın Proqramlar departamentinin əməkdaşı Con Ayomide «Təhsil müəssisələrində tələbələrin sosial fəaliyyəti və inkişafı» layihəsi, görülən işlər haqqında xarici tələbələri məlumantlandırıb. Layihənin məqsədinin ali, orta ixtisas və peşə təhsili müəssisələrində tələbələrin sosial fəaliyyətlərinin yaxşılaşdırılması, onların hərtərəfli inkişaf etdirilməsi və sosial məsuliyyəti dərk edərək, cəmiyyət üçün faydalı işlərin görülməsinə cəlb edilmələrinin olduğunu bildirib. Məhz bu layihə çərçivəsində Azərbaycanda təhsil alan xarici tələbələrin biraraya gətirilməsi, onların problemlərinin həlli istiqamətində müvafiq qurumlarla əlaqələr qurulması, Azərbaycan təhsilinin bugünkü vəziyyəti, xarici tələbələrin ölkə təhsilinin inkişafı və onlara yaradılan yüksək şəraitdən yararlanmaları istiqamətində müzakirələr aparılıb. Həmçinin, tələbələrin həm təhsil prosesində, həm də ictimai fəallıqlarında əhatə dairəsinin genişləndirilməsi onların ixtisaslarına daha maraqla yanaşmaları, fəallıq nümayiş etdirmələri, elmi və digər yaradıcılıqlarını inkişaf etdirmələri, biliklərin praktiki əhəmiyyətini dərk etmələri əsas mövzulardan biri olub.

BAMF-ın vitse-prezidenti, tanınmış telejurnalist Günel Gözəlova, təşkilatın müşaviri, prof. Əhməd Sami Elaydi tələbələrə “Karyeranın düzgün seçilməsi. İş imkanları məhdud olarkən nə etməli?” mövzuları istiqamətində onları təlimatlandırıblar.

Qeyd edək ki, Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən elan edilmiş “Təhsilin inkişafı üzrə ictimai təşəbbüslərin dəstəklənməsi” qrant müsabiqəsinin qalibi olmuş Beynəlxalq Avrasiya Mətbuat Fondunun həyata keçirdiyi “Təhsil müəssisələrində tələbələrin sosial fəaliyyəti və inkişafı”adlı layihənin icrası uğurla davam etdirilir.

Layihə üzrə Gəncə Dövlət Universitetində, Azərbaycan Dövlət Aqrar Universitetində, Sumqayıt Dövlət Universitetində, Bakı Dövlət Universitetində, Azərbaycan Dövlət Pedoqoji Universitetində, Bakı Slavyan Universitetində, Azərbaycan Dövlət İqtisad Universitetində, Azərbaycan Turizm və Menecment Universitetində və Beynəlxalq Avrasiya Mətbuat Fondunun ofisində keçirilmiş müxtəlif mövzuları əhatə edən 38 təlimdə 654 tələbə iştirak edib. Eyni zamanda, telebexidmet.az saytı vasitəsilə BAMF-a müraciət edən azərbaycanlı tələbələrlə yanaşı, xarici tələbələrlə də görüşlər keçirilib və bu cür görüşlər davam etdirilir.