«Təhsil müəssisələrində tələbələrin sosial fəaliyyəti və inkişafı» layihəsi çərçivəsində növbəti təlimlər Azərbaycan Dövlət Pedaqoji Universitetində təşkil olunub.
BAMF-da, bir sıra beynəlxalq layihələrin müəllifi, Fondun Proqram Departamentinin rəhbəri Xudaverdi Quliyevin təqdimatında “Layihələrin yazılması və idarə olunması”, “Türküstan” qəzetinin baş redaktoru, jurnalist Aqil Camalın təqdimatında “Karyera imkanlarının düzgün seçilməsi və dəyərləndirilməsi” mövzuları istiqamətində təlimlər keçilib.
Tələbələrə layihə sənədinin formalaşdırılması, büdcə planlaması nədir, yerli və beynəlxalq layihələrin yazılma qaydaları öyrədilib. Onlar layihələrin düzgün idarə olunması və zamanın düzgün bölüşdürülməsi, icra planı, layihənin qiymətləndirilmə meyarları və hesabatlılıq, icra prossesində yarana biləcək risklər və onların idarə edilməsi istiqamətində təlimatlandırılıblar. Eyni zamanda, onlar karyeralarını qurmağın yolları, ilk olaraq hardan başlamağın vacibliyi, hansı istiqamətdə addım ata biləcəklərini necə təyin etmələri, əmək bazarını necə öyrənmək istiqamətində bütün vacib nüansları öyrəniblər. Hər 2 mövzü üzrə əhəmiyyətli istiqamətlər təlimlərin əsas prioritetlərdən olub. Məqsəd tələbələrin sosial fəaliyyətlərinin yaxşılaşdırılması, məlumatlılıqlarının inkişaf etdirilməsi və sosial məsuliyyəti dərk edərək cəmiyyət üçün faydalı işlərin gorülməsinə cəlb edilməsidir.
Qeyd edək ki, Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən elan edilmiş “Təhsilin inkişafı üzrə ictimai təşəbbüslərin dəstəklənməsi” qrant müsabiqəsinin qalibi olmuş Beynəlxalq Avrasiya Mətbuat Fondunun həyata keçirdiyi “Təhsil müəssisələrində tələbələrin sosial fəaliyyəti və inkişafı”adlı layihənin icrası uğurla davam etdirilir.
Layihənin icrasına yanvar ayından start verilib, işçi komandası formalaşıb. Tələbələri maraqlandıran bir sıra məsələlər ətrafında onların istəyinə uyğun fikir mübadiləsi aparılıb. Keçiləcək təlimlərin mövzuları “Auditoriya qarşısında çıxış. Nitq mədəniyyəti”, “CV necə yazılmalı, müsahibədən necə keçməli? Özünütəqdimat”, “Karyera imkanlarının düzgün seçilməsi və qiymətləndirilməsi”, “Rəqəmsal bacarıqların inkişafı. Kibertəhlükəsizlik”, “Xüsusən iş imkanları məhdud olarkan nə etməli? Ekstremal vəziyyətdə gənclərin atmalı olduğu addımlar!”, “Tələbə və hüquqları” istiqamətində müəyyənləşdirilib. İlk təlimlər Azərbaycanın qədim şəhəri Gəncədən başlayıb. Layihə çərçivəsində Gəncə Dövlət, Sumqayıt Dövlət, Bakı Dövlət, Bakı Slavyan Universitetləri, eləcə də Azərbaycan Dövlət Pedoqoji və Azərbaycan Dövlət Aqrar Universitetlərindən 417 tələbə olmaqla 26 təlim keçirilib.