«Təhsil müəssisələrində tələbələrin sosial fəaliyyəti və inkişafı» layihəsi çərçivəsində təlimlər davam edir. İlk təlimlər Azərbaycanın qədim şəhəri Gəncədən başlayıb. Bugünə qədər 535 tələbəyə 30 təlim keçirilib.

“Təhsil müəssisələrində tələbələrin sosial fəaliyyəti və inkişafı” layihəsi çərçivəsində növbəti təlimlər Bakı Slavyan Universitetində baş tutub. BSU-da keçirilən təlimlər BAMF-ın vitse-prezidenti, tanınmış telejurnalist Günel Gözəlovanın təqdimatında “CV necə yazılmalı, müsahibədən necə keçməli? Özünütəqdimat”, “Müvəkkil” Hüquq Mərkəzinin sədri, hüquq müdafiəçisi Səməd Vəkilovun təqdimatında “Tələbə və hüquqları” mövzuları istiqamətində keçirilib.

Onlar şəxsi və iş həyatında özünü düzgün təqdimetmənin vacibliyi, hansı nüanslara diqqət yetirmələri, işəgötürənlə müsahibə zamanı nitq üslublarından tutmuş danışacaqları mövzuya qədər əhəmiyyətli məqamlar, ilkin təəssüratın xoş olması üçün edilməsi vacib olanlar, CV-nin əhəmiyyəti, necə təqdim edilməli olduğu istiqamətində təlimatlandırılıblar. Eyni zamanda, onlara şəxsiyyətin inkişafı üçün adekvat olan, tələbənin fərdi və akademik inkişafına kömək edən hərtərəfli təhsil almaq hüququ, şəxsi, ailə, iqtisadi və ya sosial-mədəni həyatda yarana biləcək çatışmazlıqları kompensasiya etmək üçün kömək və dəqiq dəstək almaq hüquqları ilə bağlı geniş məlumat verilib. Məqsəd tələbələrin sosial fəaliyyətlərinin yaxşılaşdırılması, məlumatlılıqlarının inkişaf etdirilməsi və sosial məsuliyyəti dərk edərək cəmiyyət üçün faydalı işlərin gorülməsinə cəlb edilməsidir.

Qeyd edək ki, Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən elan edilmiş “Təhsilin inkişafı üzrə ictimai təşəbbüslərin dəstəklənməsi” qrant müsabiqəsinin qalibi olmuş Beynəlxalq Avrasiya Mətbuat Fondunun həyata keçirdiyi “Təhsil müəssisələrində tələbələrin sosial fəaliyyəti və inkişafı” layihəsi çərçivəsində təlimlər davam etdiriləcək.